REGİONLAR


Yayın ən çox sevilən yeməyi - badımcan sırdağı VİDEO

Lənkəran, 15 avqust, İsmayıl Cəfərli, AZƏRTAC

Lənkəran mətbəxində daha çox sevilən yeməklərdən biri də badımcan sırdağıdır. Bu yemək daha çox yay fəslində bişirilir və yeyilir. Buna səbəb badımcan sırdağının hazırlanmasında əsas tərəvəzlərdən olan badımcan və pomidorun bu mövsümdə yetişməsidir.

AZƏRTAC xəbər verir ki, badımcan sırdağı həm də yüngül yeməklərdən hesab edilir. Gənc aşpaz Elçin Həsənov deyir ki, badımcan sırdağı daha çox quru balıq və qarpızla yeyilir: “Əsasən tərəvəzləri iyul-avqustda yetişən badımcan sırdağı daha çox bu aylarda yeyilir. Havaların isti vaxtı bu tərəvəzlər parniklərdə deyil, bütün həyətlərdə yetişir. Bu yeməkdə adından da göründüyü kimi, daha çox badımcan tərəvəzi yer tutur. Avqust ayında badımcan bir az acı olur. Badımcanlar doğranılır və saplağı atılır. Sonra orta hissəsindən bıçaqla kəsilərək üzərinə duz səpilir. Çünki badımcan acılığını çıxarmalıdır. Bu yeməyi bişirərkən pomidor və bir baş sarımsaqdan da istifadə olunur. Yeməyə, həmçinin duz və istiotu öz istəyinizə uyğun vura bilərsiniz. Soyulan badımcanlar isti tavaya düzülür, sonra eyni ölçüdə pomidorlar doğranır. Məlumat üçün deyim ki, pomidor ətli olmalıdır. Parnik pomidoru ilə bu yeməyi bişirmək olmaz. Çünki təbii pomidor öz dadı ilə bu yeməyi daha da təravətləndirir. Badımcanlar qızardıqdan sonra onlar ayrı qaba qoyulur. Pomidorları tavaya bişmək üçün düzülür. Sonra sarımsaqlar xırda-xırda doğranaraq digər bir tavada qovurulur. Pomidor bişdikdən sonra badımcanlar onun üzərinə əlavə edilir. Daha sonra isə xırda-xırda doğranan sarımsaqlar yeməyin üzərinə əlavə edilir. Qısa bir vaxtdan sonra yemək tam hazır olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.