MƏDƏNİYYƏT
Yəhudilər bolqar xalqının İkinci Dünya müharibəsindəki qəhrəmanlığını heç vaxt unutmur
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Bolqarıstanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə “Art Tower Gallery”də “The Power of Civil Society: The Fate of Jews in Bulgaria” (“Vətəndaş cəmiyyətinin gücü: Bolqarıstanda yəhudilərin taleyi”) adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov mərasimi açaraq tədbirin keçirilməsinə göstərdikləri köməyə görə İsrail səfirliyinə və “ArtsCouncil Azerbaijan” Qeyri-Hökumət Təşkilatına təşəkkürünü bildirib. O, sərgi iştirakçılarına 1943-cü ildə Bolqarıstanda 48 min yəhudinin xilas olunması tarixçəsini danışıb. Səfir vurğulayıb ki, bu il mühüm hadisənin - Bolqarıstanda yaşayan yəhudilərin nasistlərin kütləvi qırğınından qurtulmasının 75 illiyi qeyd olunur. Bolqar xalqı əsl qəhrəmanlıq və mətanət nümayiş etdirərək, faşist Almaniyasına müqavimət göstərdi. Məhz bu, əsl humanizmin təzahürüdür.
İsrailin ölkəmizdəki səfiri Dan Stav yəhudilərin xilası üçün göstərdikləri şücaətə görə bolqar xalqına təşəkkürünü bildirib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O deyib: “Bu mühüm tarixi hadisə yəhudilərin müdafiəsinə qalxan fədakar bolqarlar sayəsində baş verib. Bolqar xalqı 50 minə yaxın yəhudini qırğından xilas etməyi bacarıb. Bu ölkədə heç vaxt antisemitizm dəstəklənməyib. Yəhudilər bolqar xalqının İkinci Dünya müharibəsindəki qəhrəmanlığını heç vaxt unutmurlar”.
Sonra sərginin ekspozisiyası ilə tanışlıq olub. İkinci Dünya müharibəsini əks etdirən arxiv sənədləri və fotoşəkillərin daxil olduğu sərgi 3 gün davam edəcək.