İDMAN


Yelkənli İdman Federasiyasının reallaşdırdığı “Optimist” sinfi üzrə “Yay məktəbi 2019” layihəsi uğurla davam edir

Bakı, 9 iyul, AZƏRTAC

Yelkənli İdman Federasiyasının reallaşdırdığı “Optimist” sinfi üzrə “Yay məktəbi 2019” layihəsində iştirak edən 7–14 yaşlı uşaqlar yelkən qurma, yelkənli qayıqlardan istifadə etmə, qayıqları sürmə qaydalarını mənimsəyərək açıq dənizdə müxtəlif hava şəraitində təhlükəsiz şəkildə yelkənli qayığı manevrlərlə idarəetmə bacarığına yiyələniblər. Beynəlxalq təcrübəli “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının səyləri nəticəsində qısa müddət ərzində uşaqlara yelkənli idmanı sevdirmək və onların yelkənli qayıqları açıq dənizdə rahat şəkildə idarə etməsinə nail olunub.

AZƏRTAC xəbər verir ki, yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədilə təşkil olunan yay məktəbinin reallaşdırılması Azərbaycanda bu sahədə peşəkar idmançıların yetişdirilməsinə, yelkənli idmanına sevginin aşılanmasına xidmət edir.

Yelkənli İdman Federasiyasının mərkəzi ofisində qeydiyyat davam edir. Qeydiyyat zamanı 7–14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınacaq. Hər dövr üçün kursa 10–15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövrü davam edəcək.

Birinci dövr 1–14 iyul tarixlərini əhatə edir. İkinci dövr 22 iyul–4 avqust, üçüncü dövr isə 5–18 avqust tarixlərində keçiriləcək.

Aktiv bazası 2014–cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7-14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı–ayrılıqda, xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim–məşq düşərgələrində iştirak ediblər. Təlim–məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.