SİYASƏT
Yeni Azərbaycan Partiyası Nəsimi və Nizami rayon təşkilatlarının fəalları Novruz bayramı ərəfəsində cəbhə xəttində xidmət edən əsgərlərlə görüşmüşlər
Bakı, 17 mart (AZƏRTAC). Novruz bayramı ərəfəsində Bakının Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və YAP Nəsimi rayon təşkilatının fəalları cəbhə xəttində xidmət edən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşmüşlər.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bu gün Azərbaycan ordusunun nəinki bölgənin, hətta Şərqi Avropanın ən güclü ordularından biri olduğunu demişdir. Qeyd olunmuşdur ki, əsgərlərimizdəki vətənpərvərlik hissi ilə yanaşı, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi də bir daha sübut edir ki, Azərbaycan ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva vurğulamışdır ki, Azərbaycan əsgərləri hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bildirilmişdir ki, döyüş tapşırıqlarını çətin şəraitdə, yüksək səviyyədə yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və onun təmin olunmasında şəxsən iştirak etməkdir.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirmişdir ki, Azərbaycan ordusu hər an döyüşə hazırdır və bizim inamımız yalnız igid əsgərlərimizdir.
Təbriklərə görə şəxsi heyət adından minnətdarlığını bildirən “N” saylı hərbi hissənin komandiri İsgəndər Qiyasov qeyd etmişdir ki, əzmli, qüdrətli Azərbaycan ordusu istənilən anda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdır.
Tədbirdə əsgərlərə bayram sovqatı verilmiş və konsert proqramı təşkil edilmişdir.
Sonra qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postunda olmuşlar. Düşmən ordusu ilə üz-üzə olan postda əsgərlərlə görüşən Yeni Azərbaycan Partiyası Nəsimi və Nizami rayon təşkilatlarının fəalları onları əziz bayram münasibətilə təbrik etmiş və şərəfli xidmətlərində uğurlar arzulamışlar.
Onlar, həmçinin ön xətdəki müşahidə mövqelərindən müasir müşahidə aparatları vasitəsilə ermənilərin işğalı altında olan Azərbaycan ərazilərini və düşmən mövqelərini müşahidə etmişlər. Bakıdan gəlmiş qonaqlar əsgər yeməkxanası və yataqxanası ilə də tanış olmuşlar.