CƏMİYYƏT
Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri - Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək bildirib ki, sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.
Digər çıxışçılar da sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışıb və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.