REGİONLAR
Yevlaxda Yaponiya hökumətinin dəstəyi ilə təmir edilmiş uşaq bağçası istifadəyə verilib
Yevlax, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Yevlax rayonunun 2 saylı uşaq bağçasının təmiri” layihəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələrdən danışıb. Bildirib ki, bələdiyyələr, tibb institutları və qeyri-hökumət təşkilatlarının təqdim etdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramının məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Bu cür layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi sahələrində həyata keçirilə bilər. İndiyədək ümumi dəyəri 19 milyon 223 min 112 ABŞ dolları olan 225 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Diqqətə çatdırılıb ki, Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Yaponiya İnkişaf üçün Rəsmi Yardım çərçivəsində iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə Azərbaycana ayırdığı ümumi məbləğ 1,1 milyard ABŞ dollarını keçib.
Bu layihə Yaponiya hökumətinin Yevlax rayonunda həyata keçirdiyi ikinci layihədir. Ümumi məbləği 90,860 ABŞ dolları təşkil edən layihənin əsas məqsədi uşaq bağçasına gedəcək 1-6 yaş qrupu uşaqlar üçün məktəbəqədər təhsil şəraitini yaxşılaşdırmaqdır. Layihənin icrası nəticəsində 2 saylı uşaq bağçasında 120 nəfərin təhsil və təlim-tərbiyə şəraiti yaxşılaşacaq.
Səfir uşaq bağçasında aparılan təmir işləri nəticəsində məktəbəqədər təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Tədbir iştirakçıları sonra uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.