CƏMİYYƏT
“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 11 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən cari ilin aprelində start verilmiş “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” rəsm müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində həyata keçirilib. Müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olunmasıdır. Böyük marağın olduğu müsabiqəyə 33 şəhər və rayondan 287 rəsm əsəri təqdim olunub.
Daxili İşlər və Təhsil nazirliklərinin səmərəli əməkdaşlığının bariz göstəricisi olan müsabiqədə tam orta məktəblərlə yanaşı, lisey və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin təmsilçiləri də yaxından iştirak ediblər.
Təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyi təmin etmək məqsədilə mütəxəssis və KİV təmsilçisi dəvət edilib və qaliblər onların rəyi nəzərə alınmaqla kollegial qaydada müəyyən olunub.
Mövzunun əhatəliliyi, materialın tamaşaçı üçün informasiya payı, təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, ictimai maraqların müdafiəsi kimi meyarlar əsasında Bərdə rayon məktəblisi Xumar Nəsibli, Siyəzən rayon məktəblisi Murad Məlikov və Şuşa rayon məktəblisi Rəna Şirinova müvafiq olaraq ilk üç pillədə yer alıblar.
Qaliblər BDYPİ-də rəhbərlik tərəfindən qəbul edilib və mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin növbəti mərhələsi kimi, təqdim olunan rəsm əsərlərindən ibarət albomun hazırlanması, onların sərgilərdə nümayiş olunması və qaliblərin təbliğat xarakterli tədbirlərə cəlb edilməsi nəzərdə tutulub. Məqsəd ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən təbliğat-təşviqat və maarifləndirmə işlərinə yeni töhfələr verməkdir.