ELM VƏ TƏHSİL
“Yüksəliş” müsabiqəsi “Müasir idarəçinin yüksəlişi (biliklər və kompetensiyalar)” mövzusunda görüş təşkil edib
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də “Yüksəliş” müsabiqəsi tərəfindən “Müasir idarəçinin yüksəlişi (biliklər və kompetensiyalar)” mövzusunda görüş keçirilir. Görüşü “Yüksəliş” İctimai Birliyi və “Opalus Partners Group” şirkəti birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd “Yüksəliş” müsabiqəsinin yeni kompetensiyalarının müzakirə edilməsi, Azərbaycanda cari insan kapitalının təhlili, həmçinin inkişaf imkanlarının müzakirəsi olub.
Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” İctimai Birliyinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə haqqında ətraflı məlumat verib. Bildirib ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Fərhad Hacıyev məlumat verib ki, birinci “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib. 13-ü xanım olmaqla 112 namizəd finala keçib. Namizədlər arasından idarəçilik səriştə və bacarıqlarına görə fərqlənən 27 qalib seçilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, “Azərbaycan İnvestisiya Holdinqi”nin baş icraçı direktor müavini Xəyyam Məmmədov və “Opalus Partners Group” şirkətinin rəhbəri Çimnaz Qasımova müsabiqə iştirakçıları üçün vacib olan bilik və kompetensiyalar haqqında öz fikirlərini səsləndiriblər.
Daha sonra “Yüksəliş” 2020-2021-ci il müsabiqəsinin qalibi Orxan Quliyev tədbir iştirakçıları ilə uğur hekayəsini paylaşıb.
Görüşdə ölkənin tanınmış şirkətlərinin top menecerləri, dövlət və özəl sektorun insan resursları üzrə təcrübəli mütəxəssisləri və “Yüksəliş” müsabiqəsinin qalibləri təcrübələrini bölüşərək müasir idarəçinin uğurlu olması üçün tələb olunan bilik və səriştələrlə bağlı fikir mübadiləsi aparıblar. Rəqabətli insan kapitalının formalaşması, bu sahədə olan prioritetlər, yanaşmalar və “Yüksəliş” müsabiqəsinin bu istiqamətlərdə verə biləcəyi töhfələr əsas müzakirə mövzusu olub.