İQTİSADİYYAT
“ZAQATALA-ƏT” ASC FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
ASC-nin rəhbəri, təcrübəli iş adamı İdris Babayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, müəssisə əsasən heyvandarlıq məhsulları istehsalı və satışı ilə məşğul olur. Cəmiyyətin fermalarında 172 baş qara mal və xeyli davar bəslənilir. 2003-cü ilin ötən dövrü ərzində müəssisədə 39 ton ət, 24 ton süd, 550 kiloqram yun istehsal edilmiş, əkin sahələrindən isə yem üçün 90 ton arpa, 270 ton quru ot, 300 ton senaj tədarük olunmuşdur. Müəssisədə istehsal olunmuş ət, pendir və kolbasa məhsulları, əsasən, daxili bazarda satılır. Hazırda burada 30 nəfər işçi çalışır. Onların orta aylıq əmək haqqı 300 min manatdır.
Səhmdar Cəmiyyətin “İldırım” firması isə tütün istehsalı, tədarükü və satışı ilə məşğul olur. Firma tərəfindən bu il 97 hektar sahədə tütün əkilmişdir və 300 ton məhsul istehsalı gözlənilir. İndiyə qədər artıq 135 ton tütün tədarük olunmuş, fermentləşdirilmiş və müqavilə əsasında Rusiyanın Moskva vilayətinin şirkətlərinə satılmışdır. Firmada hazırda 40 nəfər daimi işçi çalışır. Mövsüm dövründə onların sayı 130 nəfərədək artır.
Ölkədə sahibkarlığın inkişafı və iş adamları üçün yaradılmış əlverişli şəraitdən yararlanan “Zaqatala-ət” ASC-nin rəhbərliyi bu il cəmiyyətin bazasında daha bir emal müəssisənin - “Drujba” MMC-in yaradılmasına da nail olmuşdur. Hələlik “Naib bulaq” qazlı suyu və limonad istehsalı ilə məşğul olan bu müəssisədə, eyni zamanda, meyvə və giləmeyvələrdən alkoqollu içkilər də hazırlanır.
Bu məqsədlə “Drujba” MMC cari ildə əhalidən 30 ton tut, 54 ton alça və gavalı, 51 ton zoğal tədarük etmiş və əhaliyə 85 milyon manat nağd pul ödəmişdir. Hazırda həmin məhsullar emal olunaraq, 7100 litr yüksək faizli meyvə spirti istehsal edilmişdir. Müəssisədə 20 nəfər daimi, onlarla adam isə mövsümi işlərlə təmin olunmuşdur.