REGİONLAR
ZAQATALA BARAMAÇILARI “ŞƏKİ-İPƏK” ASC İLƏ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIRLAR
Bu günlərdə “Şəki-İpək” ASC-nin nümayəndəsi Zaqatalada olmuş, rayon rəhbərləri, mütəxəssislər və fermerlərlə işgüzar görüşlər keçirmişdir. Görüşlər zamanı sahənin inkişaf perspektivləri və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.
Zaqatala icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilkin razılığa əsasən, “Şəki-İpək” ASC ilk növbədə baramaçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə rayonun fermer təsərrüfatlarında Yaponiyadan gətirilmiş 200 min ədəd tut tinginin yetişdirilməsinə və məhsuldar, xəstəliklərə davamlı ipəkqurdu toxumunun istehsalına kömək göstərəcəkdir. Bundan başqa, səhmdar cəmiyyət istehsalçıları yetişdirdikləri məhsul üçün olduqca sərfəli qiymətlər təklif emişdir. ASC sənaye əhəmiyyətli baramanın hər kiloqramını 6 min manata, damazlıq baramanın hər kiloqramını isə 10 min manata alacaqdır.
Bölgədə barama istehsalının artması “Şəki-İpək” ASC-nin yerli xammalla təminatına müsbət təsir göstərəcəkdir. Xatırladaq ki, səhmdar cəmiyyət ötən il Özbəkistandan 1,6 milyon ABŞ dolları dəyərində 400 ton quru barama satın almışdır.