CƏMİYYƏT
Zaqatala qoruğunda reyd zamanı narkotik xassəli bitkilər aşkarlanıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-cı il üçün “İş Planı” çərçivəsində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qulluq göstərilmiş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkarlanıb. Eyni zamanda, həmin ərazidə üç polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, iki yerdə isə çadırdan düzəldilmiş iki sığınacaq müəyyən olunub.
Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.