REGİONLAR
Zaqatala ziyalısı: Ulu Öndər müdrik siyasəti ilə xalqımızın müstəqillik arzusuna qovuşmasına nail olub
Zaqatala, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və rolu var. Ümummilli Lider öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Azərbaycana rəhbərliyinin hər iki dövründə onunla şəxsən görüşmək şərəfinə nail olduğum üçün özümü xoşbəxt sanıram.
Bu sözləri Zaqatala ziyalısı Tahir Məmmədov Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar keçirilən tədbirdə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Uzun illər təhsil sahəsində rəhbər vəzifələrdə çalışan Tahir Məmmədov Ulu Öndərlə görüşlərini belə xatırlayır: “1979-cu ildə Bakıda Azərbaycan Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin I qurultayı keçirilirdi. Qurultayda rayonumuzu üç nəfər təmsil edirdik. Ulu Öndər foyedə bizimlə şəxsən görüşdü. Ona Zaqatala rayonu, oradakı tarixi abidələr barədə məlumat verdim. Heydər Əliyev məni diqqətlə dinlədi və rayonumuzdakı adlarını çəkmədiyim digər abidələr barədə də soruşdu, Yuxarı Çardaxlar kəndindəki V əsrə aid “Pəri qalası”nın vəziyyəti ilə maraqlandı. Ulu Öndərin rayonumuzun tarixinə belə dərindən bələd olması bizi çox heyrətləndirdi”.
Zaqatala ziyalısı 1999-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 30 illiyinə həsr olunan respublika tədbirində yenidən Ulu Öndərlə görüşməyə müvəffəq olur. İdman Kompleksində reallaşan tədbirin sərgi bölməsində Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Zaqatalada 30 ildə tikilib istifadəyə verilən obyektlərin maketləri nümayiş etdirilirdi. T.Məmmədov Zaqatala pavilyonunun rəhbəri kimi, Ulu Öndərə görülən işlər barədə şəxsən məlumat verib. Onun Ümummilli Liderlə növbəti görüşü isə Yeni Azərbaycan Partiyasının qurultayına təsadüf edib.
Tahir Məmmədov vurğulayıb ki, bütün Azərbaycan xalqı kimi, Zaqatala ictimaiyyəti, ziyalılar da xalqımızın böyük oğlunun xatirəsini daim uca tuturlar.