REGİONLAR
Zaqatalada sahibkarlarla görüş keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun Zaqatalada Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qida, kənd təsərrüfatı, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən tədbirdə İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov çıxış edərək Azərbaycanda qeyri-neft məhsullarının istehsal və ixracının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Ölkə üzrə qeyri-neft məhsullarının istehsalında Şəki-Zaqatala iqtisadi rayonunun xüsusi yeri olduğunu qeyd edən Zöhrab Qədirov iş adamlarını öz məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərindən yararlanmağa dəvət edib.
İxracatçılar Klubunun fəaliyyəti barədə danışan Zöhrab Qədirov Klub çərçivəsində sahibkarlar üçün yaradılan əlverişli imkanlardan bəhs edib və ixracatçıları kluba üzv olmağa çağırıb.
Sonda "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri, eləcə də İxracatçılar Klubunun fəaliyyəti barədə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.