CƏMİYYƏT
Zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində təşkil olunub. Reyd zamanı Puta qəsəbəsi ərazisində “Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkarlanıb.
Həmin sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.