CƏMİYYƏT
Zərdabda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü silsilə tədbirlərlə qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Zərdab rayon gənclərinin rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzdə, həmçinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin inkişafı yolundakı müstəsna xidmətlərindən bəhs edib, dahi rəhbər tərəfindən dövlət gənclər siyasətinin əsasının qoyulmasını, Azərbaycan gəncliyinə yüksək önəm verilməsini, gənclərin inkişafı üçün mühüm addımların atıldığını diqqətə çatdırıb.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova mərkəzdə ümummilli lider Heydər Əliyevin örnək ömür yolunu dolğun və ətraflı şəkildə özündə əks etdirən eksponatlar haqqında virtual təqdimat edib.
Rayon gənclər və idman idarəsinin əməkdaşı Ələkbər Kərimov və Bıçaqçı kənd tam orta məktəbinin müəllimi Jalə Kərimli çıxışlarında ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyətlərindən danışıblar. Ulu Öndər tərəfindən müəyyənləşdirilən gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini bildiriblər.