REGİONLAR
Zərərli vərdişlər qeyri-infeksion xəstəliklərdə əsas risk amilidir
Daşkəsən, 17 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev çıxış edərək, rayonda əhalinin sağlamlığının qorunmasının, gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumağın mühüm məsələlərdən olduğunu diqqətə çatdırıb.
Elmar Əliyev görüşün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.11-ci bəndinin, habelə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin 9.2.1-ci bəndinin tələblərinə uyğun olaraq keçirildiyini də diqqətə çatdırıb.
Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini diqqətə çatdıraraq, onları zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında məlumatlandırmağın vacibliyini qeyd edib.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva paytaxtda və regionlarda sağlam həyat tərzinin təbliğinə dair keçirilən silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında keçirilən tədbirlərdə sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə qeyri-infeksion xəstəliklər barəsində ətraflı məlumat verərək deyib ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərdə əsas risk amilidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.