SİYASƏT
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
İğdır, 14 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Türkiyə ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. İğdırın vilayət statusunun alınmasında Ulu Öndərin misilsiz xidmətləri olub. Dahi şəxsiyyət haqlı olaraq münasibətlərin ilk günündən hesab edirdi ki, İğdır vilayət statusu almalıdır ki, bu bölgə inkişaf edə bilsin.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, İğdır Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Ziya Zakir Acar bildirib.
O dövrdə Naxçıvanla birgə tədbirlərin təşkilinin onun səlahiyyətinə daxil olduğunu diqqətə çatdıran dərnək sədri ümummilli lider Heydər Əliyevlə tanışlığını və ünsiyyətdə olmasını iftixarla xatırlayır.
Ziya Zakir Acar deyib: “Ümummilli lider Heydər Əliyevdən nəsillərə qalan ən böyük sərvət onun qurduğu dövlətdir. Eyni zamanda, liderlərin mövqeləri və prinsipləri də örnək olaraq tarixdə qalır. Mən Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövrdə bölgədə baş verənləri indiki kimi xatırlayıram. Heydər Əliyev Naxçıvanı işğal təhlükəsindən xilas etməyə də, Azərbaycanı ümumi bəladan qurtarmağa da eyni məsuliyyətlə, eyni qayğı ilə yanaşırdı. “Ümid” körpüsü açılandan sonra Türkiyədən Azərbaycana ilk dərman yardımını Naxçıvana aparmaq mənə həvalə edilmişdi. İndiki kimi xatırlayıram, Heydər Əliyev qəti tapşırıq verdi ki, bu yardımdan bir qutu da olsa dərman Naxçıvanda qalmamalıdır. Halbuki həmin dövrdə Naxçıvan əhalisi bu yardıma ciddi ehtiyac duyurdu. Yardım karvanı təyyarələrlə Dağlıq Qarabağa göndərildi. Ulu Öndər böyük Atatürkün adına və tarixi missiyasına sayğı göstərməklə Türkiyə dövlətinə olan məhəbbətini açıq şəkildə nümayiş etdirdi. Azərbaycan-Türkiyə qardaşlığına dəyər verənlərin “Bir millət, iki dövlət” ifadəsini özlərinə örnək qəbul etməsi ulu öndər Heydər Əliyev ideyalarının əbədiyaşarlığıdır. O dövrdə Naxçıvan əhalisi, eləcə də iğdırlılar istəmirdilər ki, Heydər Əliyev Naxçıvandan getsin. Çünki hamı qorxurdu ki, Naxçıvan işğal edilər və biz böyük təhlükə ilə üzləşərik. Lakin tarix göstərdi ki, nəhəng şəxsiyyətlər böyük ideyalar üçün yaranırlar. Heydər Əliyev Bakıya getdi, ölkəni xilas etdi, qorudu, təhlükəsizliyi təmin etdi. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır. Ulu Öndərin adını iftixarla xatırlayır, hər zaman ruhuna dualar oxuyuruq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır