CƏMİYYƏT
Zorakı ekstremizmin və radikallaşmanın qarşısının alınması istiqamətində təlim seminar keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi aprelin 11-də radikallaşma və zorakı ekstremizm təhlükəsinə həssas şəxslərlə iş üzrə peşəkarlar üçün təlim təşkil edib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təlim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və təşkilatın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Təlim layihə çərçivəsində BMqT tərəfindən Azərbaycan dilinə tərcümə edilən “TerRa vəsaitlər toplusu: radikallaşmaya icma yanaşması” vəsaiti əsasında aparılır. Bu nəşrin həmmüəllifləri olan Maqda Rooze və Holli Yanq radikallaşma və zorakı ekstremizm təhlükəsinə həssas olan fərdlər və ya qruplarla işləyən müxtəlif dövlət qurumlarının əməkdaşlarına potensial və ya mövcud radikallaşma əlamətlərini aşkarlamaq və ona qarşı tədbir görmək üçün təlim keçiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdikləri təlim-seminar radikallaşma prosesinə dair məlumatlılığı artırmağı, risk altındakı həssas şəxslərin radikallaşma əlamətlərini tanımağı, radikallaşmış şəxslərin ailə üzvlərinin təcrübəsini bölüşməyi, bu sahədə lazımi bilikləri verməyi nəzərdə tutur.