SİYASƏT
“ ŞİRVAN “ ÜÇLÜYÜ FRANSAYA GEDƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələri ilə birgə Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğ edilməsi layihələrini nəzərdən keçirir. Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin oktyabr ayında Fransanın Qrenobl şəhərində 9-cu Roktanbul festivalı keçiriləcək. Roktanbul assosiasiyası Fransadakı Azərbaycan diasporunun fəal üzvü, bu ölkədə fəaliyyət göstərən “Kazax” musiqi qrupunun yaradıcısı və rəhbəri, əslən azərbaycanlı olan Frederik Kazaxbəylini dəstəkləməyi qərara almışdır. Tədbir iştirakçıları eyni zamanda Azərbaycan xalq musiqisinin festivalda nümayiş etdirilməsi məqsədi ilə “Şirvan” muğam üçlüyünü Fransaya dəvət etmişdir. Frederik Kazaxbəyli Azərbaycan tərəfindən bu layihənin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin bir hissəsini öz üzərinə götürməyi xahiş etmişdir. Fransa Mədəni Tədbirlər Assosiasiyası, Fransanın Azərbaycandakı səfirliyi və Qrenobl şəhər rəhbərliyinin maliyyələşdirdiyi layihənin ümumi məbləği 90 min avrodan çoxdur.