İQTİSADİYYAT
® “AtaBank” ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışlayıb
“AtaBank” ASC 26-cı ildönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
Ruslan Zahid oğlu Fərzəlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam ərazisində N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak edib və bu zaman sol gözündən və əlindən yaralanıb.
Hərbçimiz “AtaBank”ın “Mərkəz” filialına dəvət edilib və idarə heyəti sədrinin müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin idarə heyəti sədrinin müavini K.Orucəliyev deyib: “Torpaqlarımız uğrunda döyüşən, Vətən keşiyində dayanan əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələlxüsus iri şirkətlər və bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq Vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız yardımı əsirgəməməliyik”.
Xatırladaq ki, “AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.