® “Norm” ASC 2022-ci ildə satış həcmini artırıb
“Norm” ASC 2022-ci ilin audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Hesabatdan məlum olub ki, şirkətin ötənilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, şirkətin satış gəliri 19 faiz artaraq 203,6 milyon AZN təşkil edib, ümumi gəliri isə 27 faiz artıb.
Həmçinin əməliyyat mənfəəti 34 faiz, vergidən əvvəlki mənfəəti isə 40 faiz artaraq, müvafiq olaraq 55,4 milyon AZN və 51 milyon AZN-ə çatıb. “Ötən il “Norm” ASC olaraq nəinki satış həcmlərimizi artırmışıq, həmçinin Azərbaycanın sement sənayesində aparıcı müəssisə kimi əməliyyatlarda dayanaqlı inkişafa nail olmuşuq. Müxtəlif optimizasiyalar aparmaqla və istehsal əməliyyatlarının effektivliyini təmin etməklə, zavodun illik istehsal gücünü 100 min ton artırıb, illik 2,1 milyon ton sement istehsalına çatdırmışıq”, - deyə şirkətin Baş İcraçı Direktoru Henning Sasse qeyd edib.
Ötən il ərzində şirkətin mənfəətlilik göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb.
“2022-ci ildə yüksək qlobal inflyasiya şəraitinə baxmayaraq, xərcləri səmərəli idarə etməklə, mənfəətlilik göstəricilərimizi yaxşılaşdırmışıq. Nəticədə, dövlət büdcəsinə 15 milyon AZN mənfəət vergisi və digər vergilər ödəmişik ki, bu rəqəm “Norm” üçün rekord göstərici hesab oluna bilər”- şirkətin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib.
“Norm” ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu NEQSOL Holdingin tərkibinə daxildir.