Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"BƏLƏDIYYƏLƏRIN FƏALIYYƏTINƏ INZIBATI NƏZARƏT HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

- "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

- həmin Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin