Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"ŞABRAN ŞƏHƏRI" TARIX VƏ MƏDƏNIYYƏT ABIDƏSININ QORUNMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhəri Azərbaycanın möhtəşəm qədim şəhərlərindən biri olmuşdur. Şamaxı yüksələnədək Şabran şəhəri Şirvanşahlar dövlətinin paytaxtı idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olmuşdur. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinmişdir.

Keçən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5000 kvadratmetrdən çox ərazidə aparılan arexoloji qazıntılar xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə imkan vermişdir. Şabran şəhərinin tarixi mənbələrdə göstərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi, zərbxana, həbsxana, XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, 3000-ə qədər numizmatika nümunəsi, arxeoloji ədəbiyyatda analoqu əks etdirilməyən yeni arxeoloji tapıntılar üzə çıxarılmışdır.

Şabran şəhərinin bərpası və qorunması haqqında hələ XX əsrin 80-ci illərində Azərbaycan Elmlər Akademiyası tərəfindən məsələ qaldırılsa da, indiyədək öz həllini tapmamışdır. Hal-hazırda Şabran şəhərinin yerindəki beş qazıntı sahəsindən yalnız biri qalmış, aşkara çıxarılan tikinti və memarlıq abidələrinin çoxu dağılıb bərbad hala düşmüşdür, arxeoloji qazıntı ərazisindəki torpaq sahələri isə yerli əhaliyə paylanmışdır.

"Şabran şəhəri" tarix və mədəniyyət abidəsinin qorunub gələcək nəsillər üçün saxlanmasını və mühafizəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi tparixi qoruq elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- bir ay müddətində "Şabran şəhəri" tarixi qoruğunun mühafizə zolağını əks etdirməklə onun xəritə təsvirini təsdiq etsin;

- Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Şabran şəhəri qalığının konservasiyasına dair tədbirlər planını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- "Şabran şəhəri" tarixi qoruğunda elmi-tədqiqat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq vəsait ayrılmasını təmin etsin.

3. Azərbaycan Milli Elmlər Akademiyası Şabran şəhərinin Azərbaycan orta əsr şəhərləri arasında seçilməsini nəzərə alaraq onun qalıqlarının arxeoloji cəhətdən daha geniş öyrənilməsi üçün tədbirlər görsün, Şabran şəhəri haqqında elmi-tədqiqat əsərlərinin nəşrini və müxtəlif dillərə tərcüməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə tapşırılsın ki, "Şabran şəhəri" tarixi qoruğu haqqında müxtəlif dillərdə bukletlər nəşr etsin və qoruğun beynəlxalq turizm marşrutuna salınması və oraya turistlərin cəlb edilməsi üçün müvafiq tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Dəvəçi rayon İcra Hakimiyyətinə tapşırılsın ki, "Şabran şəhəri" tarixi qoruğunun qorunub saxlanmasını və mühafizəsini təmin etsinlər.

6. Dəvəçi rayon İcra Hakimiyyəti rayonun hüquq-mühafizə orqanları ilə birlikdə "Şabran şəhəri" tarixi qoruğunun ərazisində onun konservasiyası ilə bağlı olmayan hər-hansı tikinti və təsərrüfat işləri aparılmasının qarşısının alınmasını təmin etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

27 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin