İQTİSADİYYAT
"Azərsu" ASC 12-ci elektron xidmətini təqdim edib
Bakı, 22 may, Elvin Camalov, AZƏRTAC
"Azərsu" ASC 12-ci elektron xidmətini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin informasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov məlumat verib.
O bildirib ki, yeni elektron xidmət "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması" adlanır. Bu xidmətin tətbiq edilməsində məqsəd vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir. Belə ki, yeni xidmətdən istifadə edərək vətəndaşlar elektron qaydada hesab fakturalarını, ödəniləcək məbləği elektron formada əldə edə biləcək. Həm "Azərsu" ASC-nin nəzarətçilərinin işini, həm də vətəndaşların rahatlığını təmin edəcək.
E.Əhmədov qeyd edib ki, edilən elektron müraciətlərə ən gec 5 gündə cavab veriləcək. Xidmətdən istifadə etmək üçün "Elektron hökumət" portalına daxil olmaq lazımdır.