İDMAN
"Bakı-2017"də taekvando yarışlarının sonuncu günündə Azərbaycan dörd idmançı ilə təmsil olunacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarının üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, taekvando yarışlarının sonuncu günündə kişilər arasında 63, 74 və 87, qadınların mübarizəsində isə 62, 73 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında dayanq üzərinə çıxırlar.
Bu gün Azərbaycanın üçü kişi və biri qadın olmaqla dörd taekvandoçusu medallar uğrunda mübarizəyə qoşulacaq.
İslamiadada kişilər arasında yarışda milli komandamızın üzvlərindən 63 kiloqram çəki dərəcəsində çıxış edəcək Məhəmməd Məmmədov səkkizdəbir finaldan mübarizəyə başlayacaq. Dünya kubokunun qızıl medalçısı olan idmançımız İbrahim Zarman (İndoneziya) - Əhməd Əlhosani (Birləşmiş Ərəb Əmirlikləri) qarşılaşmasının qalibi ilə döyüşəcək.
Ölkəmizi 74 kiloqram çəki dərəcəsində təmsil edən Səid Quliyev dörddəbir finalda Muhammad Fahem (Pakistan) - Toş van Diyk (Surinam) cütünün qalibi ilə qarşılaşacaq.
Yarışda dörddəbir finalda mübarizə aparacaq Ramin Əzizov (87 kq) ilk döyüşdə iordaniyalı Anas Sadek ilə görüşəcək.
Qadınların mübarizəsində dayanq üzərinə çıxacaq Azərbaycanın yeganə təmsilçisi Darya Şkurko olacaq. 62 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək atletimiz Mərakeş taekvandoçusu Sukayna Əl Auni ilə dörddəbir finalda üz-üzə gələcək.
İslamiadada üç gün ərzində keçiriləcək taekvando yarışlarında ölkəmizi 12 idmançı təmsil edir.
Xatırladaq ki, mayın 16-da "Bakı-2017"də taekvando yarışlarının ilk günündə Azərbaycan idmançıları bir qızıl və bir gümüş, mayın 17-də isə dörd qızıl və bir gümüş medalı komandamızın hesabına əlavə ediblər.