İQTİSADİYYAT


"Buta Airways" Batumiyə birbaşa aviareys açır

Bakı, 5 oktyabr, AZƏRTAC

2019-cu il iyunun 14-dən etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükünü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahilboyu bulvarı ilə məşhurdur. Burada gəzərkən şəhərin bir çox maraqlı, diqqətəlayiq yerlərini görmək, ecazkar mənzərənin gözəlliyindən həzz almaq mümkündür.

"Buta Airways" Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Qeyd edək ki, cari il oktyabrın 6-dan etibarən loukoster, həmçinin Türkiyənin kurort şəhəri İzmirə reyslər yerinə yetirməyə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.