İQTİSADİYYAT
"Yaşıl iqtisadiyyat"a keçidin hazırkı vəziyyəti müzakirə edilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat" (RSDTİ) layihəsinin yekun milli konfransı keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat" layihəsi UNİDO tərəfindən Azərbaycanda Avropa İttifaqının "Şərq Qonşuluğu ölkələrində yaşıl iqtisadiyyat" Regional layihəsi (EaP GREEN - Ətraf mühit və artım üçün tərəfdaşlıq) çərçivəsində həyata keçirilib. Avropa Komissiyası tərəfindən təsis edilmiş EaP GREEN layihəsi Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə "yaşıl iqtisadiyyat"a keçidə dəstək göstərir. EaP GREEN Regional layihəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) koordinasiyası ilə bir sıra beynəlxalq təşkilatlar - BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Ətraf Mühit Proqramı (UN Environment) və UNİDO tərəfindən həyata keçirilir. Layihənin Azərbaycan üzrə milli əlaqələndiriciləri İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
RSDTİ qlobal miqyasda təsdiqini tapmış metodiki yanaşma olmaqla emal sənayesi və digər sahələrdə müəssisələrin məhsuldarlığının artırılmasına və ətraf mühitə olan təsirlərin azaldılmasına xidmət edir.
Layihə çərçivəsində regionlarda RSDTİ klubları yaradılıb və 38 kiçik və orta müəssisə bu klubların fəaliyyətindən bəhrələnib. Həmçinin yerli müəssisələrin enerji, su və material istehlakının mühüm dərəcədə azaldılmasına nail olmalarına kömək göstərilib və müvafiq olaraq az xərcli Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat tədbirləri həyata keçirilib. Bu tədbirlərin ekoloji nəticələrinə hava emissiyalarının və tullantıların minimuma endirilməsi daxildir.
Konfransda, eyni zamanda, layihənin yekunları, ölkədə "yaşıl iqtisadiyyat"a keçidin hazırkı vəziyyəti və bu sahədə atılmalı olan addımlar müzakirə edilib.