İDMAN
"Barselona" öz meydanında “Bavariya”nı böyük hesabla məğlub etdi
Bakı, 7 may, AZƏRTAC
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirildi. İspaniyanın Barselona şəhərində eyniadlı komanda Almaniya “Bavariya”sını qəbul etdi.
Qarşılaşma “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxırdı.
Vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandası ilə mübarizə Qvardiola üçün uğurlu olmadı.
Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, 45 dəqiqə boyunca səssizlik pozulmadı. İkinci hissəyə meydan sahibləri daha fəal başladılar. Bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, bəzi hallarda "Bavariya"nın qapıçısı Noyer, bəzən isə qeyri-dəqiqlik buna mane oldu. 76-cı dəqiqədə isə hətta Noyer də Messinin qarşısını ala bilmədi - 1:0. Qonaqlar özünə gəlməmiş Messi dubl etdi - 2:0
Oyuna əlavə olunmuş dəqiqələrdə isə Neymarın vurduğu qol qələbəni rəsmiləşdirdi.
Beləliklə, "Barselona" öz meydanında böyük hesabla qələbə qazanaraq cavab qarşılaşması üçün üstünlük əldə etdi.