MƏDƏNİYYƏT
"Dağıdılmış körpülər"in məşhur musiqisi kinodramaturqun xatirəsinə yenidən səsləndirilib
Bakı, 17 mart, AZƏRTAC
Xalq yazıçısı, görkəmli kinodramaturq, Dövlət mükafatları laureatı Rüstəm İbrahimbəyovun vəfatı təkcə doğma vətəni Azərbaycanda deyil, onun yüksək sənətinin səs-sədasının dolaşdığı yaxın-uzaq ölkələrdə də böyük təəssüf və kədərlə qarşılanır.
AZƏRTAC xəbər verir ki, Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar pianoçu və musiqi redaktoru Riad Quliyev sənətkarın ssenari müəllifi olduğu "Dağıdılmış körpülər" filminə Rusiyanın Xalq artisti, bəstəkar Yevgeni Krılatovun yazdığı musiqini ifa edərək lentə yazdırıb.
Bu barədə məlumat verən pianoçu deyib: “1999-cu ildə ərsəyə gəlməsində Rüstəm İbrahimbəyovun da mühüm xidmətləri olan “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçirilirdi. Festival çərçivəsində tədbirdə bəstəkar Yevgeni Krılatov da iştirak edirdi. O, tədbirdə mənim ifamı dinlədi, ad və soyadımı soruşdu. Dedi ki, “Dağıdılmış körpülər" filminə yazdığım "Ceyran ilə əlvida" musiqisinin əlyazmasını sənə hədiyyə edəcəyəm. Sənin ifanda o daha yaxşı səslənə bilər...”.
Pianoçunun ifasında "Ceyran ilə əlvida" musiqisinin videoyazısı kino ictimaiyyəti və musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, martın 16-da Nizami Kino Mərkəzində görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi zamanı o, bu ifanın sədaları ilə son mənzilə yola salınıb.