İQTİSADİYYAT
"Fruit Logistica 2018" sərgisində iştirak üçün müraciət müddəti dekabrın 4-dək uzadılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlin şəhərində 2018-ci il fevralın 7-9-da keçiriləcək "Fruit Logistica 2018" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu dekabrın 4-dək uzadılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 15 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 15-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı - 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı - 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) - 5 bal; meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.
Vahid ölkə stendində iştirak etmək üçün ərizə; nümayiş olunacaq məhsulların siyahısı; sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar dekabrın 4-dək AZPROMO-ya təqdim edilməlidir.