CƏMİYYƏT
"Himayədar ailə" qayğı modelinə dair təlimlər başa çatıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq memorandumu çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin himayədar ailə üzrə mütəxəssisləri tərəfindən keçirilən təlimlər yekunlaşıb.
Təlimlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə və himayədar ailə sahəsində çalışan 50-dən çox əməkdaşı cəlb olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, türkiyəli mütəxəssislər iştirakçılara himayədar ailə modelinin əhəmiyyəti, bu sahədə nümunələr, xidmətin həyata keçirilməsinin əsasları, himayədar ailə qayğısı ilə əlaqədar biliklərin öyrədilməsi və inkişaf etdirilməsi metodlarını aşılayıblar.
Qardaş ölkənin təcrübəsinə əsaslanan təlimlərdə, həmçinin sosial dəstək xidmətinin prosedurları və prinsiplərinə dair mövzular tədris olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il fevralın 15-də imzaladığı Fərmana əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.