MƏDƏNİYYƏT
"Müstəqil Azərbaycan” adlı ədəbi-bədii gecə yaddaqalan tədbirlərlə zəngin olmuşdur
Bakı, 16 may (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi M.Ə.Sabir adına şəhər kitabxana-klubda 28 May - Respublika Günü münasibətilə “Müstəqil Azərbaycan” adlı ədəbi-bədii gecə keçirmişdir.
Kitabxana-klubdan AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Sonra kitabxana-klubun direktoru Sevinc Babayeva müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbir kitabxana-klubda fəaliyyət göstərən dərnəklərin çıxışları ilə davam etmişdir. Bədii qiraət dərnəyinin üzvlərinin ifasında Azərbaycanın müstəqilliyinə həsr olunmuş şeirlər və mahnılar səslənmişdir. Gecədə, eyni zamanda, nağaraçalanlar ansamblı və rəqs kollektivi də çıxış etmişdir.
Bayram tədbirinin sonunda dram dərnəyinin üzvləri Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını oynadılar.