İQTİSADİYYAT
"PAŞA Həyat" sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb
Bakı, 13 oktyabr, AZƏRTAC
"PAŞA Həyat" 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.
Şirkətin strateji direktoru İsrail Qarayev AZƏRTAC-a bildirib ki, cari ilin yanvar-sentyabr aylarında "PAŞA Həyat" tərəfindən 61,803 milyon manat həcmində sığorta haqqı toplanılıb. Bu, 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,3 faiz çoxdur.
İ.Qarayev qeyd edib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat" tərəfindən 25,597 milyon manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 3,4 dəfə artıb.
Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə "PAŞA Həyat" Azərbaycanın ən iri sığorta şirkətidir. Cari il oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.