İQTİSADİYYAT
"Rabitəbank" 22-ci ildönümünü qeyd edir
Bakı, 30 iyun, AZƏRTAC
"Rabitəbank" ASC fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu illər ərzində bank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən xidmət keyfiyyətini mütəmadi olaraq inkişaf etdirib, onların məmnuniyyəti və etibarını qazanmağa nail olub. Təsadüfi deyil ki, "Rabitəbank" 2010-cu ildə Standard and Poor's şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri olaraq seçilib.
Kiçik və orta biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqda olan "Rabitəbank" ASC bu illər ərzində yerli və beynəlxalq səviyyədə müxtəlif maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurub, EBRD, İFC, WBC, İslam İnkişaf Bankı və digər investisiya şirkətləri ilə uzunmüddətli müqavilələr imzalayıb.
Hal-hazırda "Rabitəbank" ASC, 641 nəfərdən ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 2 şöbə və 22 filial vasitəsilə kiçik və orta biznesin inkişafına öz töhfəsini verməklə yanaşı, eləcə də müştərilərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. Bank bu illər ərzində, işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə professionalı öz ətrafında birləşdirməyə də müvəffəq olub.
1993-cü ildən etibarən bu günə qədər 22 il ərzində bank bir çox uğurlara imza atıb, əhatə dairəsini və müştəri bazasını ildən-ilə genişləndirib. İyunun 1-nə olan maliyyə göstəricilərinə əsasən bank aktivlərini 340 milyon manata, kredit portfelini 224 milyon manata, kapitalını 63 milyon manata, depozitlərini isə 239 milyon manata qədər çatdırıb.