CƏMİYYƏT
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Suraxanı rayonunda təşkil olunan aksiya “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində həyata keçirilib.
Bu dəfə rayon sakinləri, gənclər 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində bir olaraq ekoloji aksiyaya öz töhfələrini veriblər.
282 nömrəli məktəbin müəllimi Vüsalə Yəhyazadə aksiya ilə bağlı fikirlərini bölüşərək deyib ki, şagirdlər ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etməyə, atmosferi oksigenlə zənginləşdirməyə, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməyə çalışırlar. Bu təşəbbüs ərazisinin coğrafi mövqeyinə, rəngarəng iqliminə və təbii sərvətlərin müxtəlifliyinə görə dünyada bənzəri olmayan ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə daha bir töhfədir. Yaşıllıqların qorunması və ağacların əkilməsi bizim və gələcək nəsillərin həyatında böyük təsirə malikdir. Təbiətin bir incisi olan, dünyanın ən uzun ömürlü canlıları sırasında yer alan ağacların ətraf mühitin keyfiyyətinin sağlamlaşdırılmasına müsbət təsirlərini sadalamaqla bitməz.
Şagirdlər Nuranə Mirzəyeva, Nicat Mustafazadə və Yusif Bədəlov deyiblər ki, ekologiya insan həyatı üçün əsas məsələlərdən biridir. Əkilən ağaclar bir neçə ildən sonra böyüyəcək, yaşıllıq zonasına çevriləcək, bu da ekoloji təmizliyi, insanların daha sağlam mühitdə yaşamasını təmin edəcək.
Qeyd edək ki, “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında 100 minlərlə ağacın əkilməsi nəzərdə tutulub.