"TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 1, maddə 12; 1999-cu il, N 4, maddə 225; 2000-ci il, N 8 (III kitab), maddə 587; 2001-ci il, N 3, maddələr 142, 145, N 5, maddələr 295, 298, N 11, maddə 683; 2003-cü il 5 dekabr tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Teleradio proqramlarında (verilişlərində) reklamın xüsusiyyətləri
Teleradio proqramlarında (verilişlərində) reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir.".
2. 17-ci maddənin 1-ci bəndində:
səkkizinci abzasında "yerli vaxtla saat 7.00-dan 22.00-dək" sözləri çıxarılsın;
doqquzuncu abzasdan "radio və televerilişlərdə," sözləri çıxarılsın;
on ikinci abzas çıxarılsın.
3. 17-ci maddənin 5-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Həkim resepti ilə verilən dərmanların teleradio proqramlarında (verilişlərində) reklamı qadağandır.".
II. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 2, maddə 82; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 3, maddə 116, N 5, maddə 245) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 5-ci maddənin birinci hissəsində "bu qanundan," sözlərindən sonra "Televiziya və radio yayımı haqqında" sözləri əlavə edilsin.
2. 14-cü maddəyə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:
"Teleradio yayımçısının təsis edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.".
3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Teleradio yayımında xəbərlərin buraxılışı və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz.";
ikinci-dördüncü hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin;
beşinci hissədə "verilişlərdə" sözü "verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud" sözləri ilə əvəz edilsin.
III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 13 yanvar 2004-cü il