CƏMİYYƏT
“ABAD” - 7 yaş








Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyətə başlamasından 7 il keçir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Quba ABAD Factory” İstehsalat Kompleksində qurumun 7-illiyi ilə bağlı keçirilən tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər şəxslər iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən, regionların inkişafına, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən söz açılıb. Eyni zamanda “ABAD” vasitəsilə 7 il ərzində ölkəmizin müxtəlif regionlarında yaşayan şəxslərə dəstək göstərilməklə onlara məxsus minlərlə çeşiddə sənətkarlıq, ərzaq və digər müxtəlif növ məhsulların satışa çıxarıldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, 2018-ci il oktyabrın 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Quba “ABAD Factory”dən 5 il ərzində 15 “ABAD”çı ailəsi yararlanıb, onların istehsal etdiyi 83 çeşid məhsul satışa çıxarılıb.
Sonda şokolad istehsalı sahəsinin işə salınması mərasimi olub.
Xatırladaq ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir.
Bu günə kimi “ABAD” vasitəsilə 579 ailəyə dəstək göstərilib. Onlardan 443-ü sənətkarlıq, 118-i qida və 18-i digər istiqamətlərdir. Satış dinamikası göstərən “ABAD”çılar arasında orta aylıq gəlir 500-1000 AZN arasında dəyişir.