İQTİSADİYYAT
ABADA KİV nümayəndələrinə təlim keçib
![ABADA KİV nümayəndələrinə təlim keçib](/files/2023/2/1200x630/16902085936030126658_1200x630.jpg)
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiasiyası (ABADA) media nümayəndələri üçün Milli Mətbuatın 148-ci ildönümü münasibətilə təlim keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABADA-nın 6 ayının yekunlarına dair hesabatı dinlənilib.
Tədbirdə çıxış edən ABADA-nın baş katibi Kənan Qurbanov assosiasiyanın fəaliyyəti haqqında məlumat verib.
Bildirilib ki, ABADA 1993-cü ilin may ayında təsis edilmiş və öz sıralarında beynəlxalq avtomobil yükdaşımalarını həyata keçirən ölkəmizin hüquqi və fiziki şəxslərini birləşdirən qeyri-kommersiya təşkilatıdır.
K.Qurbanov vurğulayıb ki, ABADA 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yükdaşımaları kitabçalarının (Karnet-TIR) tətbiqi üzrə dünya təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub.
ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından aldığı Karnet- TIR kitabçaları ilə təmin edir.
Qeyd edilib ki, ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU, Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, eyni zamanda bu təşkilatların təşkil etdikləri iclaslarda, seminarlarda, konfrans və digər tədbirlərdə mütəmadi olaraq iştirak edərək, Azərbaycan avtomobil daşıyıcılarının mənafelərini və mövqelərini müdafiə edir.
Hazırda 145 beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan hüquqi və fiziki şəxs ABADA-nın üzvüdür.
Kənan Qurbanov diqqətə çatdırıb ki, hesabat ilində 1137 daşıyıcıya, 138 operatorun məsul şəxsinə beynəlxalq daşımalar haqqında təlim-tədris keçirilərək şəhadətnamələr verilib. Bundan başqa, 126 daşıyıcıya təhlükəli yüklərin daşınması barədə təlim kursları keçirilərək, şəhadətnamələr təqdim edilib.