ELM VƏ TƏHSİL
Abay Kunanbayevə həsr olunmuş respublika elmi konfransına məqalə qəbulu aparılır
Bakı, 29 yanvar, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək istəyənlər məqalələrini martın 10-dək təşkilat komitəsinin hü[email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məqalələr aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Abay Kunanbayebin həyatı və ədəbi irsi;
- Abay Kunanbayevin lirikası;
- Abay Kunanbayevin poemaları;
- Abay Kunanbayevin ictimai məzmunlu şeirləri;
- Abay Kunanbayevin nəsihətləri;
- Abay Kunanbayevin yaradıcılığının dil və üslub xüsusiyyətləri.
Məqalənin tərtib forması:
- Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
- Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır.
- Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir.
- Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
- Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası ilə gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir. (5, s. 132) və ya [3, s. 76].
Xülasə və açar sözlər:
- xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır:
- məqalə Azərbaycan dilindədirsə - xülasə ingilis dilində;
- rus və ingilis dillərindədirsə - xülasə Azərbaycan dilində olmalıdır.
- Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatıla bilər.
- Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək.
- Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.