İQTİSADİYYAT
ABB-MOSKVA bankının İdarə Heyətinin sədri Fuad Abdullayev “Bank işi” üzrə brilyant mükafata layiq görülmüşdür
Moskva, 3 iyun (AZƏRTAC). ABB-MOSKVA bankının İdarə Heyətinin sədri Fuad Abdullayev “Bank işi” müsabiqəsində “Bank sahəsinin inkişafına şəxsi töhfəyə görə” nominasiyasında brilyant mükafata layiq görülmüşdür.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, hər il təqdim edilən “Bank işi” mükafatının laureatlarının VII təntənəli təltifetmə mərasimi “Swıssotel” konfrans mərkəzində keçirilmişdir. Keçən ilin yekunlarına görə, ən yaxşı regional və federal banklar, habelə Rusiyada bank sisteminin inkişafında və iqtisadi sabitliyin möhkəmlənməsində böyük uğur və nailiyyətlər qazanmış tərəfdaş şirkətlər müəyyən edilmişdir.
MBA MOSKVA bankının İdarə Heyətinin sədri Azərbaycanın bu bankını Rusiyanın bank mühitinə uğurla inteqrasiya etdiyinə və böyük nüfuz qazandığına görə “Bank sahəsinin inkişafına şəxsi töhfəyə görə” nominasiyasında müsabiqənin brilyant mükafatçısı adına layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, bu sahənin ən yaxşı nümayəndələrini Regional Banklar Assosiasiyası Şurasının sədri, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının icraçı vitse-prezidenti A.Murıçevin başçılıq etdiyi ekspert komissiyası müəyyən edir.
“Bank işi” mükafatının Təşkilat Komitəsi hər il RF Federal dairələrindən və MDB üzvü olan bir sıra ölkələrdən bu müsabiqədə iştirak etmək üçün 150-yə qədər sifariş qəbul edir. Nominantlar ciddi seçim meyarları üzrə yoxlanılır. 2011-ci ildə nominantlar arasında Rusiyanın bank işi sahəsini təmsil edən Rusiya Əmanət Bankı, Uralsib, Alfa-Bank, Deltakredit, YuniKredit bank kimi iri nümayəndələr vardı. Münsiflər heyəti bankların inkişaf sürətini, onların tətbiq etdiyi innovasiya texnologiyalarını, dünya bazarında xidmətlərini, korporativ idarəetmənin keyfiyyətini, sosial məsuliyyəti, xeyriyyə layihələrini və rəhbərlərin şəxsi xidmətlərini qiymətləndirərək ən yaxşı sığorta şirkətini və bankın ən yaxşı tərəfdaşını seçir.
Ənənəyə görə, təltifetmə mərasimi “Rusiyanın şərəfini ucaldarkən” devizi altında keçirilir. Proqramın əsas məqsədi diqqəti Rusiya iqtisadiyyatının aktual problemlərinə cəlb etmək və regionlarda bank məhsullarını inkişaf etdirməkdir. Yüksək statusa malik olan bu mərasim Rusiyanın bank işi sahəsində ən intizarla gözlənilən hadisələrdən birinə çevrilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
######