İQTİSADİYYAT
Abdurrahman Yıldırım:“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi müvəqqəti haldır”
Uludağ, 14 mart, AZƏRTAC
“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi müvəqqəti haldır”. Bu sözləri iqtisadiyyat üzrə ekspert Abdurrahman Yıldırım AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. Ekspert diqqətə çatdırıb ki, iqtisadi və maliyyə böhranları əbədi olmur. Mövcud problemlər çözüləcək, yeni bir iqtisadi inkişaf mərhələsi yaranacaq. Təbii ehtiyatlara, o cümlədən neft və qaza olan tələbat isə həmişə mövcuddur.
Gələcəkdə qədim İpək Yoluna daha böyük ehtiyac yaranacağını bildirən A.Yıldırım deyib: “İpək Yolunun əsas axını Avropaya doğrudur. Odur ki, bu dəhlizin əhatəsində olan ölkələrin hamısı İpək Yolunun inkişafında maraqlıdır. Bu dəhlizin genişlənməzi siyasi və mədəni əlaqələr baxımından da mühüm rol oynayır. Rəsmi Tehran ilə ABŞ və Avropa ölkələri arasındakı münasibətlər normal məcraya düşdüyü vaxt, İranın da bu dəhlizə qoşulmaq marağı ortaya çıxacaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Uludağ