DÜNYA
ABŞ “Conti” haker qrupu barədə məlumat üçün 15 milyon dollar vəd edib
Bakı, 25 iyul, AZƏRTAC
ABŞ hakimiyyəti Qərbin rəqəmsal infrastrukturuna qarşı bir sıra miqyaslı hücumlarda şübhəli bilinən “Conti” haker qrupu haqqında informasiya üçün 15 milyon dollar mükafat təyin edib.
AZƏRTAC “The Times” nəşrinə istinadla xəbər verir ki, 15 milyon dollar “Conti” üzvlərinin aşkarlanmasına və həbsinə imkan verəcək məlumat üçün nəzərdə tutulub. Bundan başqa, daha 5 milyon dollar hakerlərlə əməkdaşlıq edənlər haqda informasiya verən şəxslərə ödəniləcək.
Qəzetin məlumatına görə, Sankt-Peterburq şəhərində yerləşən qruplaşma barədə üç ölkənin - İrlandiya, Böyük Britaniya və ABŞ-ın müvafiq orqanları tərəfindən təhqiqat başlayıb. “Conti” üzvləri İrlandiyanın Milli Səhiyyə Xidmətinə, Böyük Britaniyanın “Graff” zərgərlik evinə və Kosta-Rikanın vergi xidmətinə qarşı kiber hücumlarda şübhəli bilinirlər.