DÜNYA
ABŞ-da 7 milyondan çox insan aralıq seçkilərdə növbədənkənar səs verib
Bakı, 24 oktyabr, AZƏRTAC
ABŞ-da keçiriləcək aralıq seçkilərində 7 milyondan çox amerikalı növbədənkənar səs verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, seçkilərdə Respublika partiyasının tərəfdarları demokratlara və müstəqil namizədlərə səs verən insanlarla müqayisədə üstünlük təşkil edib. ABŞ-da növbədənkənar səsvermə şəxsən və poçt vasitəsi ilə həyata keçirilir. Statistikaya görə birinci üsulu seçənlərin əksəriyyəti əsasən demokratları dəstəkləyir. Yaşlı əhali isə səsverməyə çox vaxt poçt vasitəsi ilə qatılır.
Qeyd edək ki, 100 senatorun 35-i, Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü, həmçinin 39 ştat və ərazinin qubernatoru noyabrın 6-na planlaşdırılan səsvermənin nəticəsinə əsasən seçiləcək. O, prezident seçkiləri arasında keçirildiyi üçün aralıq seçkiləri adlanır.
Hazırda Nümayəndələr Palatasında respublikaçılarla demokratların sayı 236-nın 193-ə nisbətindədir, 6 yer isə boşdur. Demokratlar Konqresin aşağı palatasına nəzarəti ələ almaq üçün əlavə olaraq azı 23 mandat qazanmalıdır.