DÜNYA
ABŞ-DA CASUS TEXNİKASI SƏRGİSİ
ABŞ-da ilk dəfə olaraq geniş ictimaiyyət üçün casus texnikası sərgisi açılmışdır. Sərgi Ronald Reyqanın Simi-Vellidəki (Kaliforniya ştatı) Prezident kitabxanasında keçirilir.
Eksponatların bir çoxu Ceyms Bond ruhunda əsl qurğu və vasitələrdir, onlar ekspozisiyaya Mərkəzi Kəşfiyyat İdarəsindən gətirilmişdir. Həm də, xüsusi texnikanın bir qismi təkamüldə göstərilir. Məsələn, bir neçə kamera - 1885-ci ildə icad olunmuş və agentin paltarının altında gizlədilə bilən ilk kameradan tutmuş Birinci dünya müharibəsi dövründə poçt göyərçinlərinin daşıdıqları aparatlara və əlcəyin üst tərəfində quraşdırılan müasir miniatür kameralaradək müxtəlif texnika nümayiş etdirilir.
Sərgidə İkinci dünya müharibəsi illərinin xüsusi texnikası, o cümlədən müqavimət hərəkatının döyüşçülərinə təyyarələrdən atılan müxtəlif partlayıcı qurğular və xüsusi tapançalar geniş təmsil olunmuşdur. Sərginin kuratoru Toni Hilinin etirafına görə, indi Əfqanıstanda da təxminən bu cür qurğulardan istifadə edilir.
Sərgidə sovet xüsusi texnikasının bəzi nümunələri də vardır. Burada Birləşmiş Ştatların taxtadan hazırlanmış iri gerbinin surəti də nümayiş etdirilir. Assoşieyted Press Agentliyinin verdiyi xəbərə görə, bu gerbi 1945-ci ildə Sovet İttifaqı ABŞ-ın Moskvadakı səfirliyinə bağışlamışdı. Həmin gerb onda guya xəlvəti dinləmə qurğusu aşkar edilənədək yeddi il ərzində Amerika səfirinin otağında asılmışdır.
İTAR-TASS xəbər verir ki, sərgidə ən çox maraq doğuran eksponat ABŞ prezidentlərinə hər gün təqdim olunan kəşfiyyat məlumatlarının qoyulduğu dəri qovluqdur. Ağ evin təqdim etdiyi bu qovluq iyulun 14-dək - ekspozisiya bağlanan günədək sərgidə qalacaqdır. Qovluqda heç bir şey yoxdur - o, boşdur. Görünür, başlıcası ABŞ prezidentlərinə hər gün kəşfiyyat xarakterli məlumatlar verilməsi faktının 1990-cı illərin əvvəllərinədək gizli saxlandığını göstərməkdir.