ABŞ-da ən uca dağın adını dəyişəcəklər
Bakı, 7 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama Alyaskaya səfərinin gedişində Şimali Amerikada ən uca dağ olan Mak-Kinli dağının adının dəyişdirilərək Denali adlandırılmasını rəsmən elan etmək niyyətindədir.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, ABŞ dövlətinin başçısı ştatın yerli sakinləri ilə ayrıca görüş keçirmək, hakimiyyət orqanları ilə vətəndaşların bu kateqoriyası arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi yollarını müzakirə etmək fikrindədir.
Prezident həmçinin elan edəcəkdir ki, federal hökumət Şimali Amerikada Mak-Kinli adı ilə məşhur olan ən uca dağın Atabaska hindilərinin Koyakon qəbiləsi tərəfindən istifadə edilən Denali adını rəsmən bərpa edir.
Ağ Evdə əmindirlər ki, bu zirvə hindilər üçün “sakral əhəmiyyət” kəsb edir. “Denali” sözünün tərcüməsi “böyük” deməkdir.
Denali dağının hündürlüyü 6168 metrdir.
Alyaska Rusiya tərəfindən Birləşmiş Ştatlara satılana qədər Denali zirvəsi Rusiya imperiyasının ən uca nöqtəsi hesab edilirdi. Bu dağın adı xəritələrə 1839-cu ildə düşüb. Zirvəyə Mak-Kinli adı 1896-cı ildə ABŞ-ın 25-ci prezidenti Uilyam Mak-Kinlinin şərəfinə verilib. Hərçənd, o vaxt Mak-Kinli ali dövlət vəzifəsinə yalnız namizəd idi. Bir nəfər qızılaxtaran bu siyasətçinin ali vəzifəyə namizədliyinin irəli sürülməsindən xəbər tutanda bu təklifi dəstəkləmək əlaməti olaraq həmin zirvəni Mak-Kinli dağı adlandırıb və o vaxtdan zirvə belə adlanmağa başlayıb.