DÜNYA
ABŞ-da qaradərili oğlanı güllələyən polis işçisi 15 il azadlıqdan məhrum edilib
Bakı, 30 avqust, AZƏRTAC
ABŞ-da silahsız qaradərili yeniyetməni güllələməkdə ittiham olunan sabiq polis əməkdaşı Roy Oliver 15 il azadlıqdan məhrum edilib.
AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.
İnsident ötən ilin aprel ayında baş verib. Oliver və onun həmkarı Dallas şəhərinin kənarında yerləşən məhəlləyə çağırış əsasında gəlmişdi. Yerli sakinlər rayonda keçirilən şənlikdə yeniyetmələrin spirtli içki qəbul etdiyindən şikayətlənirdi. Hadisə yerinə gələn Oliver 15 yaşlı Afrika əsilli Cordan Edvards, onun iki qardaşı və daha iki qaradərili gəncin uzaqlaşmağa çalışdığı avtomobili atəşə tutmuşdu. Nəticədə güllələrdən biri Edvardsın başına dəymiş və yeniyetmə həlak olmuşdu.
Oliver həmkarının həyatına təhlükə duyduğuna görə atəş açdığını iddia etsə də, sonuncu bunun belə olmadığını demişdi. İnsidentin ardından 38 yaşlı Oliverə qarşı ittiham irəli sürülmüş və o, işdən azad edilmişdi.
Son illər ABŞ-da silahsız insanların, əsasən də Afrika əsilli amerikalıların polis tərəfindən qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinə güclü nəzarət edilir. Missuri, Merilend və Nyu-York ştatlarında baş verən insidentlər daha çox səs-küyə səbəb olub. Həmin hadisələrlə əlaqədar ölkədə çox zaman iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları keçirilib.