ABŞ-DA YENİ NAZİRLİK YARADILIR
ABŞ Prezidenti Corc Buş yeni nazirlik yaradılması ideyasını dəstəkləmək çağırışı ilə Konqresə müraciət etmişdir. Bu nazirlik milli təhlükəsizlik və əhalinin terror hücumlarından qorunması məsələləri ilə məşğul olacaqdır.
Prezident ölkəyə xüsusi müraciətində hökumət strukturundakı səkkiz federal agentliyin, o cümlədən sərhəd nəzarəti xidmətinin və ABŞ Məxfi Xidmət İdarəsi kimi kəşfiyyat idarələrinin fəaliyyətinə kuratorluq edəcək yeni nazirliyin yaradıldığını açıqlamışdır. Corc Buş demişdir: “Biz belə qənaətə gəlmişik ki, 21-ci yüzilliyin yeni təhlükələrinin qarşısını daha səmərəli ala bilmək üçün hökumətimiz yenidən təşkil olunmalıdır”. O, hökumət strukturunda ediləcək bu dəyişikliyi “1947-ci idən bəri ən geniş” dəyişiklik adlandırmışdır.
Gözlənildiyinə görə, yeni nazirliyin başçısı Milli Təhlükəsizlik İdarəsinin direktoru Tom Ric olacaqdır. Hökumətin yeni üzvünün namizədliyi senat tərəfindən təsdiqlənməlidir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, yeni nazirlik Federal Təhqiqat Bürosunun və ya Mərkəzi Kəşfiyyat İdarəsinin əvəzinə deyil, mövcud xüsusi idarələrə kömək üçün yaradılır. Onun illik büdcəsinin 37 milyard dollar olacağı güman edilir.
Hökumətin fikrincə, təxminən 170 min qulluqçunun işləyəcəyi yeni fövqəlidarə gələn ilin yanvarından fəaliyyətə başlayacaqdır.