İQTİSADİYYAT
ABŞ Dövlət Departamentinin ixrac nəzarəti sahəsində Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycana səfərə gələcəkdir
Bakı, 4 iyun (AZƏRTAC). Sinqapurda keçirilmiş “Yayılmama üzrə şəbəkənin qurulması: 12-ci Beynəlxalq ixrac nəzarəti” konfransı çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ilə ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun ixrac nəzarəti üzrə əməkdaşlıq ofisinin direktoru Justin Friedman arasında görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə ixrac nəzarəti üzrə əməkdaşlıq ofisinin yeni təyin olunmuş rəhbəri xanım Elizabeth Helen Rood da iştirak etmişdir.
Bildirilmişdir ki, E.H.Rood vəzifəsinin icrasına iyunun sonundan başlayacaqdır. İxrac nəzarəti sahəsində Cənubi Qafqaz regionu ölkələri ilə əməkdaşlığın da daxil olacağı yeni vəzifəsində isə J.Friedman sözügedən regiona səfər edəcəkdir.
J.Friedman Azərbaycan gömrük xidməti əməkdaşlarının İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində ABŞ-da keçdikləri təlim kurslarının əhəmiyyətini də vurğulamışdır.