ABŞ DÖVLƏT KATİBİ GÜRCÜSTANDA SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Kondoliza Rays iyulun 9-da Gürcüstana rəsmi səfərə gəlmişdir.
İyulun 10-da səhər qonaq Gürcüstan müxalifətinin liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.
Müxalifət liderləri görüşdən razı qaldıqlarını, ABŞ dövlət katibinə mövcud vəziyyət, bu il keçirilmiş prezident və parlament seçkiləri barədə ətraflı məlumat verildiyini bildirmişlər.
Sonra Kondoliza Rays Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze ilə təkbətək görüş keçirmişdir. Görüşdən sonra N.Burcanadze jurnalistlərə bildirmişdir ki, ABŞ dövlət katibi ilə bu günlərdə təsis etdiyi Demokratiyanın İnkişafı Fondu, ölkənin münaqişə bölgələrində mövcud vəziyyət və s. məsələlər barədə söhbət etmişdir.
İyulun 10-da Gürcüstan Prezidentinin Avlabaridəki iqamətgahında Kondoliza Rays Prezident Mixeil Saakaşvili ilə təkbətək görüşmüş, sonra danışıqlar geniş tərkibdə davam etdirilmişdir.
Görüşdən sonra K.Rays və M.Saakaşvili birgə mətbuat konfransı keçirmişlər. Kondoliza Rays ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş və mövcud münaqişələrin sülh yolu ilə tənzimlənəcəyinə əmin olduğunu demişdir. K.Rays gürcü və abxazların birbaşa dialoqa keçmələrinin, tərəflərin zorakılığa son qoymalarının, sülh prosesinin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Mixeil Saakaşvili Gürcüstanın münaqişə bölgəsində mövcud vəziyyət, onun sülh yolu ilə tənzimlənməsi üçün ölkə hakimiyyətinin gördüyü tədbirlər, Rusiya amili və s. barədə danışmışdır. Prezident ölkənin demokratik inkişaf yolunu dəstəklədiyinə görə ABŞ-a təşəkkürünü bildirmişdir. M.Saakaşvili ABŞ-ın Gürcüstana ən böyük sərmayə qoyan dövlət oduğunu demiş, iqtisadi əməkdaşlıq yollarından söhbət açmışdır. M.Saakaşvili demişdir ki, bu ilin dekabrında Ukrayna və Gürcüstana NATO üzvlüyünə namizədlik statusu verilərsə, bu, Corc Buş administrasiyasının böyük qələbəsi sayılacaqdır. Prezident bildirmişdir ki, Gürcüstan Soçi Olimpiadasının təhlükəsizliyi üçün Rusiya ilə birgə təhlükəsizlik komitəsi yaratmağı təklif edir, beynəlxalq birliyi münaqişə bölgələrindəki real vəziyyətlə tanış etməyə çalışır.
Sonra K.Rays və M.Saakaşvili jurnalistlərin suallarını cavablandırmışlar. Kondoliza Rays İranın yeni raketi sınaqdan keçirməsi ilə əlaqədar sualı cavablandırarkən demişdir ki, biz heç kəsə müttəfiqlərimiz və dostlarımız üçün təhlükə yaratmağa imkan verməyəcəyik. Bu hərəkət ABŞ-a və onun müttəfiqlərinə qarşı duranlara yaxşı heç nə gətirməyəcəkdir.
Həmin gün Kondoliza Rays Tbilisidən Sofiyaya yola düşmüşdür.