SİYASƏT
ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ: “VAŞİNQTON DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN QƏTİ TƏNZİMLƏNMƏSİNƏ KÖMƏK ETMƏK NİYYƏTİNDƏDİR”
Bakı, 1 dekabr (AZƏRTAC). Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə tənzimlənməsi üçün ABŞ-ın səyləri Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə sabitliyin xeyli möhkəmlənməsinə kömək edəcəkdir.
ABŞ dövlət katibinin müavini Ceyms Steynberq bu sözləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilən 17-ci iclasındakı çıxışında söyləmişdir.
C.Steynberq demişdir: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ münaqişənin qəti tənzimlənməsinə, bununla da sabitliyin təmin edilməsinə və iqtisadi inkişafa kömək etmək niyyətindədir”.
ABŞ dövlət katibinin müavini bildirmişdir ki, münaqişələrin tənzimlənməsi məsələsi ATƏT-də əsas məsələlərdən biridir, Yunanıstanın Korfu Prosesi təşəbbüsü də buna yönəlmişdir. C.Steynberqin sözlərinə görə, bu sahədə yeni mexanizmlər yaradılması barədə ABŞ-ın da bir sıra təklifləri vardır.